Saatlıda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
16 oktyabr 2026-cı il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Saatlı Rayon Təşkilatının və rayonun mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
İlk öncə tədbirdə Ümummili lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk olaraq Yeni Azərbaycan Partiyası Saatlı Rayon Təşkilatının sədri Elşən Əzizov çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən və müstəqil dövlət quruculuğunun əsas mərhələlərindən danışıb. O, Ümummilli lider Heydər Əliyevin ölkədə siyasi sabitliyin təmin olunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi istiqamətindəki xidmətlərini qeyd edib. Həmçinin müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərə toxunaraq ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının tarixi əhəmiyyətini vurğulayıb.
Daha sonra Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva Azərbaycanın müstəqillik tarixinin mühüm mərhələləri, dövlət müstəqilliyinin bərpasına aparan mürəkkəb tarixi proseslər və müstəqilliyin qorunub saxlanılması istiqamətində görülən işlər barədə danışıb. O, müstəqil dövlətçiliyin möhkəm təməllər üzərində inkişaf etdirilməsinin, milli həmrəyliyin qorunmasının və gənc nəslin tariximizə, dövlətçilik dəyərlərinə bağlı ruhda yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə, həmçinin Saatlı Rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev, Saatlı Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin və rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri Sakit Bağırov, Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova çıxış edərək Azərbaycanın zəngin dövlətçilik tarixinin öyrənilməsi və təbliği, milli-mədəni irsimizin və tarixi yaddaşımızın qorunması, müstəqillik dəyərlərinin gələcək nəsillərə çatdırılması, eləcə də cəmiyyətdə milli həmrəyliyin və vətəndaş məsuliyyətinin gücləndirilməsinin əhəmiyyətindən bəhs ediblər.
Sonda tədbir iştirakçıları ilə birgə fikir mübadiləsi aparılıb.






