Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlıda “Ana dilimiz-milli kimliyimiz, tərəqqi mənbəyimiz” mövzusunda tədbir keçirilib

19 avqust 2026 | 17:37

19 avqust 2026-cı il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Saatlı rayon Mərkəzi Kitabxanasında tədbir keçirilib. Tədbir Azərbaycan ədəbi dilinin düzgün tətbiqinin əhəmiyyəti və ana dilimizin qorunmasına həsr olunub.

Tədbiri giriş sözü ilə açan Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev Azərbaycan dilinin zəngin tarixi, formalaşması və inkişaf mərhələləri barədə geniş məlumat verib. O, Azərbaycan ədəbi dilinin qorunmasının və düzgün tətbiqinin hər bir vətəndaşın, xüsusilə də dövlət və ictimai idarəçilikdə, media və mədəniyyət sahəsində çalışan şəxslərin mühüm vəzifələrindən biri olduğunu diqqətə çatdırıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və dövlət dilinin nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət xüsusi vurğulanıb. Bildirilib ki, ulu öndərin ana dilinə göstərdiyi diqqət və qayğı bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşı Mirəli Məmmədov dövlət idarəçiliyində və mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiqi ilə bağlı çıxış edərək dövlət orqanlarında hazırlanan rəsmi sənədlərdə, vətəndaşlarla ünsiyyətdə, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ədəbi dil normalarına düzgün əməl olunmasının vacibliyindən danışaraq, ədəbi dil normalarının pozulmasına səbəb olan əsas hallara toxunub, bu cür nöqsanların qarşısının alınması və dilimizin saflığının qorunması istiqamətində maarifləndirmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb. Çıxış zamanı dövlət idarəçiliyində istifadə olunan rəsmi yazışmaların aydın, dəqiq və Azərbaycan ədəbi dilinin tələblərinə uyğun hazırlanmasının vacibliyi, Azərbaycan dilinin zənginliyinin və ifadə imkanlarının qorunması, eyni zamanda düzgün və səlis dilin vətəndaşlarla sağlam kommunikasiya qurulmasına mühüm təsir göstərildiyi vurğulanıb.

Tədbirdə çıxış edən “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin metodisti Xanımbikə İsmayılova, mədəniyyət müəssisələrinin nümayəndələri Rəqibə Kərimova və Mehriban Mənəfova çıxışlarında Azərbaycan dilinin qorunması və təbliği, gənclərin ədəbi dil normalarına riayət etməsinin vacibliyi, xüsusilə sosial media platformalarında Azərbaycan ədəbi dilindən düzgün istifadə ilə bağlı fikirlərini bölüşüblər. Tədbir zamanı, həmçinin ədəbi dil normalarının pozulması halları, onların yaranma səbəbləri və aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə dövlət idarəçiliyində, mediada və sosial şəbəkələrdə Azərbaycan ədəbi dilinin düzgün tətbiqinin təmin edilməsinin, dilimizin saflığının qorunmasının və gələcək nəsillərə düzgün şəkildə çatdırılmasının vacibliyi vurğulanıb.

 

Keçidlər