Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlıda əslən Saatlı rayonundan olan dünya çempionu Elbəy Alışovla görüş keçirilib

24 avqust 2026 | 19:34
     24 avqust 2026-cı il tarixində Saatlı Rayon İcra Hakimiyyətində əslən Saatlı rayonundan olan dünya çempionu Elbəy Alışovla görüş keçirilmişdir.
   Görüşdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, eləcə də Elbəy Alışovun yaxınları iştirak etmişlər.
    Görüş zamanı Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Elbəy Alışovu qazandığı yüksək nailiyyət münasibətilə təbrik edərək, onun uğurunun Azərbaycan və doğma Saatlı rayonu üçün əlamətdar hadisə olduğunu bildirmişdir. Rayon rəhbəri belə nailiyyətlərin gənclərin idmana marağının artırılmasına, sağlam həyat tərzinin təbliğinə və yeni idmançı nəslinin yetişdirilməsinə mühüm töhfə verdiyini qeyd etmiş, Elbəy Alışova gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov da Elbəy Alışovu təbrik edərək, onun əldə etdiyi nəticənin gənclər üçün nümunə olduğunu vurğulamışdır.
    Daha sonra Elbəy Alışov idman fəaliyyəti, keçdiyi hazırlıq mərhələləri, yarışlarda qazandığı təcrübə və əldə etdiyi nailiyyətlər barədə məlumat vermiş, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
    Tədbirin sonunda Elbəy Alışov qazandığı yüksək nailiyyət münasibətilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı və Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən təltif olunmuşdur.
    Qeyd edək ki, Taylandda keçirilən “ONE Championship” turnirində dünya çempionu titulunu qazanan Elbəy Alışov peşəkar karyerası ərzində keçirdiyi 11 döyüşün hər birində qələbə qazanaraq məğlubedilməzlik seriyasını davam etdirir.
Keçidlər