Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlıda rayon Ağsaqqallar şurasının hesabat iclası keçirildi

17 aprel 2024 | 15:52

17 aprel 2024-cü il tarixdə Saatlı Rayon Gənclər Mərkəzində rayon icra hakimiyyəti başçısı Elmir Bağırov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov, rayon Ağsaqqallar şurasının sədri Sədafər Hüseynov, Şuranın üzvləri və idarə-müəssisə rəhbərlərinin iştirakı ilə rayon Ağsaqqallar şurasının hesabat iclası keçirilmişdir.

Tədbir iştirakçıları tərəfindən ilk öncə Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Daha sonra rayon Gənclər mərkəzinin iclas zalında davam edən tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O,  gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu və Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən öhdəlikləri yerinə yetirdiklərini diqqətə çatdırıb. Həmçinin rayonumuzun ictimai-mədəni və siyasi həyatında yaxından iştirak edən rayon ağsaqqallarının ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəklədiyini, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmədiklərini qeyd edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov ağsaqqallara göstərilən dövlət qayğısından, onların sosial rifahının yüksəldilməsi üçün görülən tədbirlərdən və ölkə ağsaqqallarının dövlət başçısı cənab İlham Əliyevə olan etimadından, onun uğurlu siyasi kursunu dəstəklədiklərindən bəhs edib.

Daha sonra rayon Ağsaqqallar şurasının sədri Sədafər Hüseynov hesabat məruzəsi ilə çıxış edərək rayon ağsaqqallarının aktiv fəaliyyətindən, 44 günlük Vətən müharibəsi zamanı fəallıqlarından, şəhid ailələri və qazilərə göstərdikləri dəstəklərdən və onları mütəmadi ziyarətlərindən danışıb.

Sonda isə rayon Ağsaqqallar şurasının hesabat məruzəsi ətrafında YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, rayon Ziyalılar cəmiyyətinin sədri Lətif Şimşəkov və rayon Ağsaqqallar şurasının üzvü Həmzə Əliyev çıxış edərək hesabatı qənaətbəxş hesab etmişlər.

Keçidlər