Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlıda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti iməcilik keçirilib

14 sentyabr 2024 | 18:54

Sentyabrın 14-də, şənbə günü Saatlı Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ümumrayon iməciliyi keçirilib.

Səhər saatlarından etibarən start götürən təmizlik-abadlıq aksiyası, əsasən Saatlı şəhərini, rayonun Arazboyu ərazilərini və magistral avtomobil yollarının kənarlarını əhatə edib. İməcilikdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev, rayon icra hakimiyyətinin əməkdaşları, İƏD üzrə nümayəndəliklər, yerli idarə, müəssisə və təşkilat kollektivləri iştirak ediblər. Xüsusi texnikaların və 1500-ə yaxın insanın cəlb olunduğu ümumrayon iməciliyində şəhərin prospekt və küçələrində, “Şəhidlər” abidə-xatirə kompleksinin ərazisində təmizlik-abadlıq işləri aparılıb.

Təmizlik-abadlıq işləri, həmçinin mövcud parklarda, istirahət yerlərində, Araz çayının rayon ərazisindən keçən hissəsində yerləşən sahilboyu ərazilərdə və magistral avtomobil yollarının kənarında da həyata keçirilib. Belə ki, həmin ərazilər məişət tullantılarından, alaq otlarından, kol-koslardan təmizlənib. Və yığılan tullantılar bir yerə toplanaraq ərazidən daşınması təmin edilib. Məişət tullantılarının atılması nəzərdə tutulan müxtəlif tutumlu konteynerlər və zibil qutularının bəziləri təmir edilib, bəziləri isə yenisi ilə əvəzlənib, onların ətrafında səliqə-sahman yaradılıb.

Əsas magistral yol və prospektlərin kənarındakı ağaclara xüsusi qulluq göstərilib; qurumuş budaqları budanıb. Eyni zamanda, ağaclar və yaşıllıqlar suvarılıb.

Saatlı Rayon İcra Hakimiyyətinin çağırışına səs verərək iməciliyə qoşulan fərdi sahibkarlar və özəl sektor nümayəndələri də öz obyektlərinin qarşısının təmizlənməsi və ətrafında səliqə-sahman yaradılması işlərində fəallıq göstəriblər.

Qeyd edək ki, Saatlı rayonu ərazisində təmizliyin lazımi səviyyədə saxlanılması, yaşıllığın qorunması və daha da genişləndirilməsi üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.

Keçidlər