YARAT Müasir İncəsənət Məkanı tərəfindən “İncə müşahidələr” adlı səyyar qrup sərgisi Saatlı ictimaiyyətinə təqdim edildi
01 mart 2023-cü il tarixdə Saatlı rayon Dövlət Rəsm Qalereyasında keçirilən sərginin açılış mərasimində çıxış edən, ictimai əlaqələr üzrə rəhbər Hökümə Kərimova YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın tanınmış və gənc rəssamlarının əsərlərindən ibarət “İncə müşahidələr” səyyar qrup sərgisini Saatlı ictimaiyyətinə təqdim edildiyini bildirdi. Həmçinin o, sərginin əsas ideyasının rəssamların gözü ilə gündəlik həyata başqa baxış bucağını təqdim etməkdən ibarət olduğunu, sərgi öz ilham mənbəyini gündəlik həyatın poetikasından götürdüyünü və universal mövzular ətrafında düşüncələri də əks etdirdiyini qeyd etdi.
Açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, YARAT Müasir İncəsənət Məkanının baş kuratoru Fərəh Ələkbərli və sərginin kuratoru Zəhra Məmmədova çıxış edərək, səyyar sərginin əhəmiyyətindən, böyüyən gənc nəsildə müasir incəsənət biliklərinin formalaşmasında səmərəliliyindən, rəssamların öz əsərlərində sadəliyin poetikasını – insanların və onların ətrafını, təbiət mənzərələrini, insan istəklərinin incə çalarlarını işıqlandırmasından, bugünkü regional mədəniyyətin formalaşmasında mədəni və dini köklərin gücündən söhbət açdılar.
Qeyd edək ki, sərgi əsasında YARAT heyəti və rəssamlar tərəfindən təhsil proqramlarının həyata keçirilməsi də nəzərdə tutulmuşdur ki, proqram çərçivəsində müasir incəsənət sahəsinə dair müxtəlif mühazirələr, ustad dərsləri keçiriləcəkdir.