Yeni il şənliklərində yanğın təhlükəsizliyi tədbirləri
Qarşıda “Yeni il” bayramı gəlir. Yeni il şənliklərini bəzəkli yolkasız təsəvvür etmək çətindir. Hər il olduğu kimi bu il də mədəniyyət və təhsil ocaqlarında, uşaq bağçalarında, yaşayış evlərində yolkalar qurulur və onlar müxtəlif bəzək əşyaları ilə bəzədilir. Lakin bəzən yanğın təhlükəsizliyi qaydalarının pozulması bayram şənliklərində qəmginlik gətirir, uşaqların odla dəcəlliyi yeni il şənliyini acınacaqlı sonluqla bitirir. Buna gorə də müəllimlərin, tərbiyəçilərin və məktəblilərin yeni il şənliklərini təşkil edərkən hansı yanğın təhlükəsizliyi tədbirləri görülməsini bilmələri zəruridir.
Şam ağacı qurulmuş otaqların yaxınlığındakı dəhlizlərin, foyelərin və s ehtiyyat çıxış qapıları “Çıxış” sözü yazılmış işıqlandırıcı göstəricilərlə və tez açıla bilən cəftə ilə təmin olunmalıdır. Yolka şənliyində həddindən artıq uşaq toplandığından və çıxış yolu kifayət qədər olmadığından tıxac əmələ gəlir, uşaqlar vahimələnir və yaranmış sıxlıq zamanı uşaqlar yıxılaraq ayaq altında əzilə bilər.
Şam ağacı qurularkən yerə möhkəm bərkidilməli, yaxud yıxılmayan dayaq üstündə qurulmalıdır, həmşinin onun budaqları tavana və divara toxunmamalıdır. Onun işıqlandırılması isə elektrik cərəyanı ilə yalnız zavodda hazırlanmış standartlara uyğun avtomat qrilyandla olmalıdır. Elektrik qrilyandı birbaşa avtomat tərtibat vasitəsilə elektrik lövhəsinə və yaxud razetkaya qoşula bilər.
Yeni il şənlikləri zamanı pambıqdan, tənzifdən, kağızdan və digər tezalışan materiallardan tikilmiş paltarlar geymək olmaz. Yolkaları şamlarla işıqlandırmaq olmaz, bu olduqca təhlükəlidir. Onu oddan qoruyucu maye hopdurulmamış pambıqla bəzəmək, ondan tezalışan sellüloz, kağız və s. hazırlanmış oyuncaqlar asmaq, eləcə də bertoli duzu səpmək qadağandır.
Yeni il şənlikləri zamanı qığılcım səpən fişəng və digər partlayıcı oyuncaqlardan istifadə etmək təhlükəlidir. Uşaqlar bayram şənlikləri ərəfəsində odlu fişəngləri və digər partlayıcıları fikirləşmədən istənilən səmtə ata bilərlər. Həmin fişənglər müxtəlif tikililərin yanar konstruksiyalarının üzərinə düşərsə yanğın törətməklə bədbəxt hadisələrin baş verməsinə səbəb olar.
Yeni il şənlikləri zamanı hər bir müəllim və məktəbli yanğından mühafizə orqanlarının yaxın köməkçisi olmalı, yeni il yolkası qurulan zaman yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə nəzarət etməli, yanğın təhlükəsizliyi ilə bağlı aşkar olunmuş qayda pozuntuları hallarının aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidirlər. Yanğın Təhlükəsizliyi Qaydalarına düzgün riayət olunması yeni il şənliyinin təhlükəsiz keçirilməsinə, əmlakımızın və həyatımızın yanğından qorunmasına tam zəmanət verir.
Yeni iliniz mübarək!
Yanğın hadisəsi baş verdikdə 101 və ya 112 nömrələrinə zəng etməyi unutmayın!
Fövqəladə Hallar Nazirliyinin
Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi