Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda 2017-ci ilin birinci yarısının yekunlarına dair tədbir keçirilmişdir

18 iyul 2017 | 16:00

     Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramı çərçivəsində Saatlı rayonunda 2017-ci ilin birinci yarısı da daxil olmaqla görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilir və uğurlar hər bir sahədə əldə olunur. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır. Məlum olduğu kimi rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Muğan bölgəsinin mərkəzində yerləşən Saatlı rayonunda əlverişli təbii amillər, yerli resurslar olduğuna görə burada bütövlükdə kənd təsərrüfatının inkişafı, o cümlədən əkinçiliyin inkişafı başlıca vəzifə kimi daim diqqətdə saxlanılmışdır. Cins heyvandarlıq, quşçuluq və kənd təsərrüfatının digər sahələri ilə yanaşı,  bitkiçilikdə ənənəvi sahələr olan taxılçılıq  və pambıqçılığın inkişafına xüsusi önəm verilməsi daha vacibdir. Ötən ilin təcrübəsi, pambıqçılığın inkişafı ilə bağlı yaradılmış hərtərəfli şərait, müasir innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək istehsalçıları daha da ruhlandıraraq onların  pambıq əkininə maraqlarını xeyli artırmışdır. 2017-ci ilin birinci yarısında 2370 nəfər, onların da böyük əksəriyyəti iri fermer təsərrüfatı olmaqla ötən illə müqayisədə 2 dəfə çox, yəni 17220 hektar sahədə pambıq əkəcəkləri ilə bağlı müqavilələr bağlamış və 17220 hektar sahədə çiyid səpini aparılmışdır. Müqavilələrin 80 hektarı innovasiya təsərrüfatı olmaqla  5620 hektarı  «MKT-İstehsalat Kommersiya» MMC, 4500 hektarı «Şamo» MMC, 4000 hektarı «CTS-Aqro» MMC, 1200 hektarı «Saatlı Kənd Təsərrüfatı» MMC ilə bağlanmışdır. Qalan 1900 hektarda isə 186 nəfər istehsalçı tərəfindən müqaviləsiz olaraq çiyid səpini aparılmışdır. Səpin aparılan 17220 hektarın hamısında çıxış alınmış, pambığın becərilməsi işlərinə isə ümumilikdə 12260 nəfər işçi qüvvəsi cəlb olunmuşdur.

    Heyvandarlıq sahəsində rayonda cari ilin ilk aylarından 22 kəndli-fermer təsərrüfatı, 1 dövlət müəssisəsi fəaliyyət göstərmiş, rayon Baytarlıq idarəsi heyvanlar arasında baş verə biləcək xəstəliklərin qarşısının alınması üçün müalicə və profilaktiki tədbirləri genişləndirmişdir. İri buynuzlu mal-qaranın süni yolla mayalanması üçün yerlərdə təlim keçmiş 8 texnik rayon Baytarlıq laboratoriyası ilə birgə fəaliyyət göstərməklə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və yüksək məhsuldarlıq əldə olunmasına səy göstərmişlər. 2017-ci ilin məhsulu üçün 2016-cı ilin payızında 17520,5 hektar sahədə buğda, 2946 hektar sahədə isə arpa əkilmişdir. Bundan əlavə, 377 hektar sahədə kartof, 2015 hektar sahədə bostan, 817 hektar sahədə tərəvəz əkilmişdir. 01 iyul 2017-ci il tarixə 8237 hektar buğda əkin sahəsindən 34755,1 ton buğda yığılmışdır ki, bu da hər hektardan 42,2 sentner, 2949 hektar arpa sahəsindən 10222,7 ton arpa yığılmışdır ki, bu da hər hektarından 34,7 sentner deməkdir. 2017-ci ilin altı ayı ərzində kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar bir sıra işlər icra edilmişdir. Belə ki, “Aqrolizinq” ASC-nin Saatlı rayon bölməsi tərəfindən 9 ədəd MTZ-80X markalı traktor, 9 ədəd kultivasiya, 9 ədəd çiyid səpən, 4 ədəd çiləyici aqreqat alınmışdır.
   Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi sahəsində 2017-ci ilin birinci yarısı ərzində kollektor-drenaj şəbəkəsində mexanizmlərlə 127,71 km məsafədə 345,85 min m3 lildən təmizlənmişdir. Ümumi uzunluğu 378 km olan suvarma kanallarında 982 min m3 mexanizmlə lildən təmizləmə işləri aparılmışdır. Bundan əlavə 62 ədəd hidrotexniki qurğu, 4 ədəd istehsalat binası, 11 ədəd hidropost və 4 nasos stansiyası cari təmir edilmişdir. Araz çayında nasos stansiyaları yaxınlığında mexanizmlə 80 min m3 məcratəmizləmə işləri yerinə yetirilmişdir.
    2017-ci ilin birinci yarısı ərzində kanallarda və Araz çayı üzərində nasos stansiyaları yaxınlığında faşın hörgüsü vasitəsi ilə 220 m3 həcmində yamacbərkitmə işləri aparılmışdır.
    Dövlət Proqramının qəbul edilməsindən ötən müddət ərzində sahibkarlığın inkişafı dəstəklənməklə yeni iş yerlərinin açılmasına xüsusi fikir verilmiş, yerli ehtiyatlar nəzərə alınmaqla iş adamları və sahibkarların cəlb olunması ilə qeyri-dövlət sektoruna hərtərəfli şərait yaradılmışdır. 
    Son illər rayonda aparılan abadlıq və quruculuq işləri, sosial infrastruktur sahəsində həyata keçirilən tikintilər dövlət başçısının sərəncam və göstərişləri ilə ayrılmış vəsaitlər hesabına yerinə yetirilmiş, eyni zamanda daxili imkanlardan, yerli resurslardan maksimum istifadə edilməsinə diqqət artırılmışdır. 2017-ci ilin altı ayı ərzində 11795 m2 sahədə yaşayış binalarının fasad hissələrinin suvaq edilərək rənglənməsi, 2864 m2 sahədə dam örtüklərinin yenilənməsi, 1394 m2 sahədə pəncərələrin yeni, plastik pəncərələrlə əvəz edilməsi, 1145 m2 sahədə «ağlay» piltələrin düzülməsi, həyətyanı ərazilərə 629 m2 p/m səki daşlarının düzülməsi, 3270 m2 sahədə tamet tavaların düzülməsi, 2070 m2 hasar tikintisi, o cümlədən, 940 m2 metal hasar tikintisi, 982 m2 sahədə isə təmir işləri icra olunmuşdur. Şəhərin Heydər Əliyev prospektində işıqlandırma məqsədilə 111 ədəd, M.P.Vaqif küçəsində isə 10 ədəd müasir tipli işıq dirəyi quraşdırılmışdır. M.Əliyev, M.Ağayev və Babək küçələrində ümumilikdə 42987 m2 sahəyə qum-çınqıl qatı verilmişdir. Rayonun müxtəlif ərazilərində 37000 ədəd müxtəlif meyvə ağacları, dekorativ, həmişəyaşıl ağaclar əkilmiş, meşə zolaqlarının, yaşıllıqların və gül kollarının qorunmasına xidmət göstərilmişdir.
    2017-ci ilin birinci yarısında 732000 m2 yerli əhəmiyyətli avtomobil yollarının saxlanılmasına 434,7 min manat vəsait sərf edilmişdir. Uzunluğu 39 km olan Saatlı-Sarıcalar-Qara-Nuru-Şirinbəy-Fətəlikənd-Azadkənd avtomobil yolunun yenidən qurulması başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 mart 2017-ci il tarixdə Saatlı rayonuna səfəri zamanı həmin avtomobil yolunun yenidənqurmadan sonra açılış mərasimində iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 mart 2017-ci il tarixli 2782 saylı Sərəncamı ilə uzunluğu 14 km olan, on iki min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi məqsədilə  3,8 miliyon manat vəsait ayrılmış, həmin yolda tikinti işləri «Azəravtayol» MMC tərəfindən aparılmış və işlər yekunlaşdırılmaqla əhalinin istifadəsinə verilmişdir.Bundan əlavə rayonun Əbilkənd-Cəfərxan yolunun 2,8 kilometrlik hissəsinə Cəmiyyətin idarələri  tərəfindən yüksək keyfiyyətli asfalt örtüyü vurulmuş və əlavə olaraq 300 metr uzunluğunda Cəfərxan kəndi daxilinə asfalt örtüyü vurulması istiqamətində işlər aparılır.
  Ümumiyyətlə, ötən dövr ərzində  rayonun iqtisadiyyatının davamlı inkişafı istiqamətində görülən işlər hər il öz bəhrəsini vermiş, makroiqtisadi sabitlik təmin olunmuşdur. Statistik məlumatlara əsasən 2017-ci ilin birinci yarısı ərzində 56,3 milyon manatlıq  kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Hesabat dövründə məhsul buraxılışının həcmi 15,4 faiz artaraq 110475,0 min manat olmuşdur ki, bunun da 86,8 faizi özəl sektorun payına düşür. Cari ilin birinci yarısı üzrə bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 269,3 manat olmuşdur ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çoxdur. 
    2017-cı ilin birinci yarısı ərzində şəhid ailələrinin, Qarabağ müharibəsi, Çernobıl və Əfqanıstan əlillərinin, digər imtiyazlı vətəndaşların, xəstə və imkansızların, məcburi köçkünlərin bir sözlə, ehtiyac və qayğıları ilə bağlı müraciət edən hər bir şəxsin probleminin həllinə diqqətlə yanaşılaraq maddi yardımlar, pul və ərzaq köməkliyi, evinin bərpa və təmiri ilə bağlı tikinti materialları verilməsi ilə əlaqədar köməkliklər, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün ən zəruri yardımlar edilmişdir. Güzəştli ailələrin mənzil növbəsi uçotu yenidən dəqiqləşdirilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur ki, hazırda növbəlik siyahısına uyğun olaraq bir qrup şəhid ailəsinə və Qarabağ əlilinə fərdi yaşayış evinin tikilməsi ilə bağlı işlər aparılmaqdadır. Bundan əlavə, aztəminatlı təbəqələrdən olan insanların sosial müdafiəsi ilə bağlı  rayon İcra Hakimiyyəti başçısının yerli xərclərdən ayrılan təyinatı hesabından maddi kömək formasında  pul yardımları  olunmuşdur.
    2017-ci ilin birinci yarısı ərzində əhaliyə ticarət, nəqliyyat, rabitə və məişət xidmətlərinin göstərilməsi sahəsində yenə də xidmətin müasir təlabata uyğun qurulmasına və qiymətlərin real olmasına diqqət artırılmışdır.
    Rayon İcra Hakimiyyətinin gündəlik diqqət ayırdığı sahələrdən biri əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması, mövcud olan problemlərin müəyyən edilərək aradan qaldırılması, bu sahələrdə neqativ halların baş verməməsi, istehlak olunan elektrik enerjisi, qaz və suyun dəyərinin bütünlüklə toplanılmasına nəzarətin artırılması olmuşdur. Bu sahələrdə olan vəziyyət müntəzəm olaraq təhlil edilmiş, ilk növbədə maddi-texniki təchizatın yaxşılaşdırılması, əhalinin elektrik enerjisi, qaz və içməli su ilə keyfiyyətli və dayanıqlı təmin edilməsi üçün işin daha şəffaf şəkildə qurulması istiqamətində tədbirlər həyata keçirilmişdir.
    Rayonun yaşayış məntəqələrində elektrik təsərrüfatının yenidən qurulması işləri 2017-ci ilin birinci yarısı ərzində dövlət proqramına uyğun olaraq davam etdirilmişdir. Belə ki, rayonun Sarıcalar kəndi ərazisində yerləşən 110/35-10 kVA elektrik yarımstansiyası yenidən inşa edilmiş, həmin yarımstansiyada 1 ədəd 20 Mva gücündə yeni transformator quraşdırılmışdır. Mircəlal, Soltanabad, Qarayevkənd, Çolpı, Məmmədabad, Seyidlər, Varxan, Əhmədbəyli, Dədə Qorqud, Musalı, Nərimanov və Dəlilər  kəndlərində enerji itkisinin qarşısını almaq məqsədi ilə elektrik verilişi xətlərində yararsız dayaqların və naqillərin normal vəziyyətə gətirilməsi üçün yeni dəmir-beton dayaqlar basdırılmış, bir çox kəndlərdə naqillər SİP kabel xətti ilə əvəz olunmuş və bu işlər hazırda davam etdirilməkdədir.
Qara Nuru kəndində əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədi ilə 1 ədəd 400 kVA gücündə yeni transformator yarımstansiyası quraşdırılmış, Şirinbəyli kəndində 2 ədəd, Əliabad kəndində 2 ədəd, Dəlilər kəndində 2 ədəd, Nəsimikənd kəndində 3 ədəd, Məzrəli kəndində 2 ədəd, Əbilkənd kəndində 2 ədəd, Bəylik kəndində 2 ədəd, Sarıcalar kəndində isə 3 ədəd olmaqla ümumilikdə 18 transformator əsaslı təmir edilmişdir.
Bundan əlavə, M.P.Vaqif küçəsində yerləşən 35/6 kv-luq Muğan-1 yarımstansiyası əsaslı təmir olunmuş, Seyidlər kəndi ərazisində 2 ədəd, Varxan kəndi ərazisində 1 ədəd, Potubəyli kəndi ərazisində 1 ədəd KTM-i (kompleks transformator mərkəzi) quraşdırılmışdır.
    Rayonun qaz təminatının yaxşılaşdırılması ilə bağlı dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonun 44 yaşayış məntəqəsindən 32-i və Əlisoltanlı kəndində 230 evdən ibarət məcburi köçkün qəsəbəsi qazlaşdırılaraq əhalinin dayanıqlı və keyfiyyətli təbii qaza olan ehtiyacları təmin edilmişdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, 12-15 aprel tarixlərində qazlaşdırılma işləri başa çatdırılmış Məmmədabad, Qazanbatan Qara Nuru və Sarıcalar kəndlərinə təbii qazın verilməsi təmin olunmuşdur.
    Saatlı şəhərinin su təchizatının yaxşılaşdırılması sahəsində işlər başa çatdırılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 mart 2017-ci il tarixdə Saatlı rayonuna səfəri zamanı şəhərin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak etmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin «Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» 24 fevral 2017-ci il tarixli 2693 nömrəli Sərəncamı ilə 2017-ci ildə 15 rayon üzrə 100 yaşayış məntəqəsinin, o cümlədən rayonun Gomuşçu, Seyidlər və Mollavazlı kəndlərində modul tipli su təmizləyici qurğuların quraşdırılması və «Əhalinin içməli su ilə  təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» 17 mart 2017-ci il tarixli 2754 nömrəli Sərəncamı ilə 22 rayon üzrə 170 yaşayış məntəqəsinin, o cümlədən rayonun Bəylik, Mustafabəyli, Potubəyli, Əlisoltanlı, Bəylər, Gomuşçu, Seyidlər, Qaracalar və Mollavazlı kəndlərində içməli su təchizatının qurulması ilə bağlı müvafiq qərar qəbul olunaraq işlərin icrası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və «Azərsu» ASC-ə maliyyə vəsaiti ayrılmış, icranın gedişi barədə  isə hər üç aydan bir Prezident Administrasiyasına məlumat verilməsi yerli icra hakimiyyətlərinə tapşırılmışdır. Hazırda rayonun Bəylər kəndində içməli su təchizatı sisteminin qurulması işləri yekunlaşdırılmışdır. Mollavazlı və Əlisoltanlı kəndlərinin içməli su təminatının təşkili məqsədi ilə işlərin icrası davam etdirilir ki, bu işlərin həyata keçirilməsi yuxarıda adı çəkilən digər kəndlərdə də həyata keçiriləcəkdir.
   Rayonda mühüm sosial sahələrin inkişafı diqqət mərkəzində saxlanılaraq təhsil, səhiyyə, mədəniyyət, idman-sağlamlıq, hərbi, dövlət quruculuğu işləri, əhalinin təhlükəsizliyi və ictimai qaydanın qorunması, qanunçuluğun möhkəmləndirilməsi və s. kimi məsələlər öndə tutulmuşdur. «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının» təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı rəhbər tutularaq bu sahədə müvafiq tədbirlərin görülməsi nəzarətə götürülmüşdür. Ümumiyyətlə, ötən illər ərzində də vacib sosial layihələrin həyata keçirilməsinə aidiyyəti dövlət qurumları ilə birgə lazımı səylər göstərilmiş və maarifləndirmə tədbirləri təşkil olunmuşdur.
   Ötən müddətdə əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, güzəştli xəstələrə və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin daha da artırılması sahəsində tədbirlər mütəmadi olaraq həyata keçirilmişdir. Son illər əhalinin sağlamlığının qorunması istiqamətində ən mühüm tədbir kimi ölkə başçısının tapşırığına uyğun olaraq insanların könüllü olaraq tibbi müayinədən keçməsini qeyd etmək olar.  Saatlı rayonunda 2017-cı ilin ilk aylarından  başlanan tədbir çərçivəsində 15 may 2017-ci il tarixədək 54391 nəfər tibbi müayinədən keçmişdir ki, tibbi müayinədən keçənlərin 50108 nəfəri sağlam hesab olunmuşdur. Müayinədən keçənlərdən 4111 nəfəri ambulator, 109 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 63 nəfər isə Bakı şəhərinin müxtəlif klinikalarına müayinə və müalicə üçün göndərilmişdir.
   Cari ilin ilk birinci yarısında rayon Mədəniyyət Mərkəzində yenidənqurma işləri aparılaraq zəruri inventarlarla təmin edilmiş, rayonun mədəniyyət müəssisələrində müxtəlif tədbirlər həyata keçirilmişdir.
Dövlət gənclər siyasətinə uyğun olaraq, gənclərin asudə vaxtlarının səmərəli və məzmunlu şəkildə təşkili, sosial-siyasi fəallıqlarının artırılması, idmanın kütləviliyinin təmin olunması məqsədilə son illər respublikada olduğu kimi rayonumuzda da lazımı şərait yaradılmış, müasir Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Şahmat məktəbi tikilmişdir.   
    Cari ilin ilk rübündə də ordu sıralarına çağırış və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı məsələlərin icrası  nəzarətdə saxlanılmış, vətəndaşların həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrasını təmin etmək məqsədilə təşkilati, ideya-siyasi işlər tələb olunan səviyyədə qurulmuşdur. Gənclər arasında "Cəsurlar", "Şahin" hərbi idman oyunları, «VMH» çoxnövçülük yarışları keçirilmiş, həqiqi hərbi xidmətə gedən çağırışçılar ruh yüksəkliyi ilə  təntənəli şəkildə yola salınmışlar.
2017-ci ilin ilk günlərindən etibarən vətəndaşlarla işin yüksək səviyyədə, hər bir vətəndaşın məmnunluğunun təmin edilməsi istiqamətində, məmur-vətəndaş təmaslarında hər hansı bir neqativ halların baş verməməsi məqsədilə ardıcıl tədbirlər yerinə yetirilmişdir.  Rayon İcra Hakimiyyəti öz fəaliyyətində əhali ilə hər həftə keçirilən səyyar qəbullara, görüşlərə xüsusi fikir vermişdir.
    Hesabat dövründə vətəndaşların müraciətlərinə baxılması məsələləri xüsusi diqqətdə  saxlanılmış, qəbullarda hər hansı bir vaxt məhdudiyyəti qoyulmamış, hər bir şəxsin ərizə, təklif və şikayətinə qanunvericiliklə müəyyən olunmuş müddətdə baxılaraq cavablandırılması təmin olunmuşdur.
 

 

Keçidlər