İcra Hakimiyyətinin Başçısı
Bağırov Elmir Məmməd oğlu
28 aprel 1980-ci ildə Masallı rayonun Hişkədərə kəndində anadan olmuşdur. 1997-ci ildə Elşad Ağayev adına Hişkədərə kənd orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər fakültəsinin “Politologiya” ixtisası üzrə bakalavr pilləsini, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakultəsinin “Dünya siyasi prosesləri və beynəlxalq əlaqələrin nəzəriyyəsi” ixtisası üzrə magistratura pilləsini fərqlənmə ilə bitirmişdir. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani doktoranturasında təhsil almış, 2008-ci ildə Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun elmi rəhbərliyi ilə “Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2009-cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın “Siyasi idarəetmə və politologiya”, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedralarında müəllim, baş müəllim, dosent əvəzi vəzifələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olur.
2005-ci ildə Heydər Əliyev Fondunun “azerbaijan.az” layihəsinin işçi qrupunun üzvü olmuş, 2006-cı ildə Heydər Əliyev Fondunun Humanitar Proqramlar şöbəsinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Humanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlmişdir.
2014-cü ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin aparat rəhbəri, 2016-cı il tarixindən Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2020-ci il tarixli 2235 nömrəli Sərəncamı ilə Saatlı rayon İcra Hakimiyyətinin Başçısı təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.