Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

   Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı 4-cü Dövlət Proqramı çərçivəsində rayonda keçən il xeyli işlər görülmüşdür.  Muğan bölgəsinin mərkəzində yerləşən Saatlı rayonunda əlverişli təbii amillər, yerli resurslar olduğuna görə burada bütövlükdə kənd təsərrüfatının, o cümlədən əkinçiliyin inkişafı başlıca vəzifə kimi daim diqqətdə saxlanılmışdır.

         Pambıqçılığın inkişafı ilə bağlı yaradılmış hərtərəfli şərait, müasir innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək istehsalçıları daha da ruhlandıraraq onların pambıq əkininə maraqlarını xeyli artırmışdır. 2019-cu ildə istehsalçılar tərəfindən 13741 hektar sahədə çiyid səpini aparılmış, 600 hektarı İnnovasiya təsərrüfatı olmaqla  4691 hektar “MKT-İstehsalat Kommersiya” MMC, 4500 hektar “AQRO-AZ” MMC, 3300 hektar “Azərpambıq” MMC, 1250 hektar “P-Agro” MMC ilə fermer və mülkiyyətçilər arasında müqavilə bağlanmışdır. Ötən il rayonun pambıqçıları hər hektardan 30,42 sentner olmaqla 41813,26 ton pambıq tədarük etmiş, bunun 10227,63 tonu əllə, 31585,63 tonu isə maşınla yığılmışdır. Pambığın becərilməsi və yığımı işlərinə ümumilikdə 8200 nəfər işçi qüvvəsi cəlb olunmuşdur. Hesabat ilində mülkiyyətçilər pambıqçılıqdan 20 milyon manatdan çox xalis gəlir götürmüşdür. Pambıq yığımı mövsümündə rayonun Bəylər kənd inzibati ərazi dairəsi üzrə 244,29 hektardan 42,5 sentner, 16 kənd inzibati ərazi dairəsi üzrə 30 sentnerdən çox, Dədə Qorqud, Azadkənd və Qara Nuru kənd inzibati ərazi dairələri üzrə isə 3 min tondan artıq məhsul tədarük edilmişdir. Rayonda fəaliyyət göstərən pambıq emalı və istehsalı müəssisələrindən “MKT-İstehsalat Kommersiya” MMC hər hektardan 31,22 sentner olmaqla 14643,88 ton, “AQRO-AZ” MMC hər hektardan 31,20 sentner olmaqla 14041,00 ton, “P-Agro” MMC hər hektardan 30,60 sentner olmaqla 3824,62 ton, “Azərpambıq” MMC hər hektardan 28,19 sentner olmaqla 9303,76 ton pambıq tədarük etmişlər. Ötən ilin təsərrüfat ilində 2018-ci illə müqayisədə pambıq istehsalının həcmi 11,18 sentner, tonla ifadəsində isə 11365,42 ton artıq olmuşdur. Sevindirici haldır ki, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə rayonun Mircəlal kənd sakini Məmmədov Nizami Qulu oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur. 2020-ci təsərrüfat ilində rayon üzrə 14000 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur.
Kənd təsərrüfatı sahəsində yeni istehsal və emal müəssisələrinin yaradılması istiqamətində işlər müvəffəqiyyətlə həyata keçirilir. Rayonda 7 min hektar ərazidə “İD-Aqropark”ın yaradılması işləri davam etdirilir ki, burada soyuducu anbar, istixanalar, tövlələr, yem zavodu, quşçuluq fabriki tikiləcək və kənd təsərrüfatı məhsullarınn istehsalı və emalı ilə bağlı müxtəlif bitki növləri becəriləcəkdir. Bu günə kimi “İD-Aqropark” ərazisində 9 km elektrik xətti çəkilmiş, 400 və 630 kva-lıq 2 ədəd transformator quraşdırılmışdır. 60 km uzunluğunda kollektor-drenaj xətti qurulmuş, Araz çayının 54,2 km-lik qolunun tikintisi başa çatdırılmış, kanala beton üzlük çəkilmişdir. 60 hektar sahə üçün pivot suvarma sistemləri quraşdırılmış, 200 hektar sahədə meyvə bağları salınmış, 2019-cu ilin payızında 365 hektar sahədə arpa, 285 hektar sahədə buğda, əlavə olaraq 50 hektar sahədə yonca əkilmişdir. Hazırda ərazidə 41 nəfər işləyir, gələcəkdə isə 390 nəfərin işləməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, rayonun Sımada kəndinin yaxınlığında fəaliyyət göstərən “Rom-Alpinos süd və ət məhsulları” MMC-nin ərazisində avtomobil yolu qum-çınqılla üzlənmiş, yolun kənarında təqribən 30-40 illik məhsul verən 400-dən çox gövdəli zeytun ağacı əkilmiş, bir körpü salınıb və bir körpü təmir olunmuşdur. Ərazidə 3 ədəd yardımçı ferma tikilmiş, 1 ədəd 12 min başlıq və 1 ədəd 24 min başlıq xırda buynuzlu heyvanların saxlanılması üçün müasir tipli fermanın tikintisi aparılır. Əraziyə çəkilməsi nəzərdə tutulan 20 km uzunluğunda su kanalının 16 km-ə qədər hissəsində işlər yekunlaşmışdır. Bundan əlavə, əraziyə transformatorlar quraşdırılmış və elektrik xətləri çəkilmişdir. 2019-cu ilin payızında 1590 hektar sahədə arpa əkilmiş, hazırda ərazidə 30 nəfər işləyir, gələcəkdə isə 60 nəfərin işləməsi nəzərdə tutulmuşdur.    
2019-cu ildə kənd təsərrüfatının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar “Aqrolizinq” ASC-nin Saatlı rayon bölməsinə 3 ədəd Sampo-2065 markalı taxılyığan kombayn, 9 ədəd Jonh Deere markalı pambıqyığan kombayn, 1 ədəd Azər Cansa markalı ağır diskli mala gətirilmişdir. 
Keçən il 2018-ci illə müqayisədə 5,9 ton artıq olmaqla diri çəkidə 7051,4 ton ət, 18 ton artıq olmaqla 41870 ton süd, 23,7 ton artıq olmaqla 194,5 ton yun və 2181 min ədəd artıq olmaqla 14106 min ədəd yumurta istehsal edilmişdir. Hazırda rayonda bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qaranın sayı 67691 başa, xırda buynuzlu mal-qaranın sayı 118074 başa çatmışdır.
2019-cu ilin məhsulu üçün 2018-ci ilin payızında 19044 hektar sahədə buğda, 5822 hektar sahədə isə arpa, 308 hektar sahədə kartof, 1988 hektar sahədə bostan, 789 hektar sahədə tərəvəz əkilmişdir. Ötən ildə buğda əkin sahəsindən hər hektardan 42,9 sentner olmaqla 81698,76 ton buğda, arpa sahəsindən hər hektardan 36,2 sentner olmaqla 21075,64 ton arpa yığılmışdır. Ümumilikdə 24866 hektar taxıl sahəsindən hər hektardan 41,3 sentner olmaqla 102774,4 ton taxıl tədarük edilmişdir. 2020-ci ilin məhsulu üçün isə 2019-cu ilin payızında ümumilikdə 22986 hektar sahədə taxıl, o cümlədən 17731,5 hektar sahədə buğda, 5254,5 hektar sahədə isə arpa əkilmişdir. 
Rayon üzrə keçən il 3,2 ton barama məhsulu tədarük edilmişdir. 2019-cu il ərzində 156 milyon 608,8 min manatlıq  kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23621,1 min manat və ya 17,8 faiz çoxdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının 90 milyon 787,3 min manatı və ya 58 faizi bitkiçilik, 65 milyon 821,5 min manatı və ya 42 faizi heyvandarlıq məhsullarının payına düşür.
Rayon üzrə ümumi məhsul istehsalının həcmi faktiki qiymətlərlə keçən illə müqayisədə 10,5 faiz artaraq 286338,3 min manat olmuşdur. Ümumi məhsul istehsalının həcmində sənaye üzrə 33,4 faiz, kənd təsərrüfatı üzrə 17,8 faiz, rabitə üzrə isə 8,8 faiz artım qeydə alınmışdır. Eyni zamanda, əhaliyə göstərilən pullu xidmətlərin həcmi də əvvəlki illə müqayisədə 3,2 faiz artaraq 32391 min manat, pərakəndə ticarət dövriyyəsinin həcmi 4,8 faiz artaraq 226391 min manat təşkil etmişdir.
Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi sahəsində 2019-cu ildə kollektor-drenaj şəbəkəsində mexanizmlərlə 345,17 km məsafədə 951,62 min m3, ümumi uzunluğu 783 km olan suvarma kanallarında 2171 min m3 lildən təmizləmə işləri aparılmış, bir sıra nasos stansiyaları və hidrotexniki qurğular əsaslı təmir edilmişdir. Araz çayında nasos stansiyaları yaxınlığında 433 min m3 məcratəmizləmə işləri yerinə yetirilmişdir. Kanallarda və Araz çayı üzərində nasos stansiyaları yaxınlığında faşın hörgüsü vasitəsi ilə 700 m3 həcmində yamacbərkitmə işləri aparılmışdır. 2019-cu ildə Saatlı şəhərinin Şeyx Yusif, Səməd Vurğun, Əhməd Cavad, Nizami, Xanəli Pirverdiyev, Mirzə Şəfi və Mirağa Ağayev küçələrində ümumilikdə 34797 m2 sahəyə asfalt örtüyü çəkilmiş, Babək, Nəsib Bəy Yusifbəyli, Nəriman Nərimanov, Müslüm Maqomayev, Əliağa Şıxlınski, 28 May küçələrində ümumilikdə 47066 m2 sahəyə qum-çınqıl qatı verilmişdir. Şəhər ərazisində ümumi sahəsi 2 hektar olan “Muğan” parkı müasir qaydada yenidən qurulmuş, uşaq əyləncə qurğuları quraşdırılmış, “Muğan” parkı ilə yanaşı “Gənclər” parkı və şəhərin digər ərazilərində olan yaşıllıqların suvarılması üçün 2 km məsafədən polietilen borularla su xətti çəkilmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban Xanım Əliyevanın təşəbbüsünə qoşulan saatlılar cari ilin dekabr ayının 6-da 50 mindən çox ağac əkmişdir. Eyni zamanda 40 min tut tingi əkilmiş, meşə zolaqlarının, yaşıllıqların və gül kollarının qorunmasına xidmət göstərilmişdir.
Ölkədə həyata keçirilən əsaslı sosial müdafiə tədbirlərinə uyğun olaraq hesabat ilində rayon üzrə 296 vətəndaşa pensiya, 368 vətəndaşa ünvanlı sosial yardım təyin edilmişdir. Hazırda pensiya alanların sayı 13084 nəfər, ünvanlı sosial yardım alanların sayı 2551 nəfər olan 600 ailə təşkil edir.
Məşğulluq proqramında nəzərdə tutulan tədbirlər ardıcıl yerinə yetirilir. Keçən il rayon Məşğulluq Mərkəzi tərəfindən 862 nəfər işlə təmin edilmiş, 51 ailəyə Özünüməşğulluq proqramı çərçivəsində 90 baş iri, 126 baş xırda buynuzlu mal-qara verilmişdir. Hesabat ilində rayon üzrə cəmi 3092, o cümlədən 696 daimi iş yeri açılmışdır.
2019-cu ildə rayonda “DOST İş Mərkəzi” MMC tərəfindən 350 nəfər ictimai işlərə cəlb olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə yerlərdə icra orqanları tərəfindən yol verilən qanunsuzluqlar barədəki ciddi xəbərdarlığı və gördüyü konkret tədbirlər məsuliyyətimizi artırmış, bu sahədə şəffaflığın təmin edilməsi istiqamətində əsaslı tədbirlər görülmüşdür.
2019-cu ildə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və digər güzəştli ailələrin mənzil növbəsi qeydiyyatı yenidən dəqiqləşdirilərək aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur. Hesabat ilində rayon üzrə 6 Qarabağ əlili, 2 şəhid ailəsi olmaqla ümumilikdə 8 fərdi ev tikilmişdir.
Əhaliyə, idarə və təşkilatlara 21 kənd, 2 şəhər poçt şöbəsi və 1 agentlik vasitəsilə rabitə xidməti göstərilmiş, bütün növ poçt xidmətləri üzrə proqnoz tapşırıqları yerinə yetirilmişdir.
Yüksək sürətli internet xidməti göstərilməsi işləri davam etdirilmiş, abunəçilərin internet xidmətlərindən yararlanması təmin olunmuşdur. Hazırda “Aztelekom.net” və digər provayderlər də daxil olmaqla rayon üzrə 3885 abunəçi yüksək sürətli internet xidmətindən istifadə edir.
  Rayonun enerji sisteminin dayanaqlığını artırmaq, bütün istehlakçıları fasiləsiz və keyfiyyətli enerji ilə təmin etmək məqsədi ilə yaşayış məntəqələrində elektrik təsərrüfatının yenidən qurulması işləri 2019-cu il ərzində dövlət proqramına uyğun olaraq davam etdirilmişdir. Ümumilikdə rayonun 1 şəhər və 18 kənd yaşayış məntəqəsində SİP kabel xətləri çəkilərək “SMART-Kart” tipli sayğaclar quraşdırılmışdır. 11 kənddə elektrik təsərrüfatı sahəsində görülmüş işlərin tamamlanmasına, 14 kənddə isə elektrik təsərrüfatının yenidən qurulmasına zəruri ehtiyac vardır. Hazırda rayon üzrə elektrik enerjisi istifadəçilərinin sayı 21163 abonentdir.
  Rayonun qaz təminatının yaxşılaşdırılması ilə bağlı dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlər aparılmış, hazıra kimi rayonun 75 faiz olmaqla 44 yaşayış məntəqəsindən 33-ü və Əlisoltanlı kəndi ərazisində 230 evdən ibarət məcburi köçkün qəsəbəsi qazlaşdırılmışdır. 2019-cu il ərzində rayon ərazisində 578 yeni abonent qeydiyyata alınaraq, ümumilikdə, abonentlərin sayı 16400-ə çatmışdır. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən hazırda  rayonda qazlaşmayan 11 yaşayış məntəqəsi və Nərimanov Köçkün qəsəbəsinə təbii qaz çəkilməsi istiqamətində işlər aparılır.
Rayonun şəhər və kənd yaşayış məntəqələri üzrə su təchizatının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür.
Hesabat dövründə təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman kimi mühüm sosial sahələrin inkişafı diqqət mərkəzində saxlanılmışdır. Təhsilin inkişafına göstərilən dövlət qayğısı nəticəsində əvvəlki tədris ilində bir sıra nəticələr əldə olunmuş, maddi-texniki təminat gücləndirilmiş, məktəblərimizdə dövlət vəsaiti hesabına əsaslı və cari təmir işləri görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2019-cu ildə rayonun Sarıcalar kənd tam orta məktəbinin binası əsaslı təmir olunmuş, şəhər 1 nömrəli ümumi orta məktəbinə modul tipli yeni məktəb tikilmişdir. Şirinbəyli və Soltanabad kəndlərinin ərazisində hər biri 96 şagird yerlik modul tipli məktəb tikintisinə başlanılmış, bu yaxınlarda istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində rayonun Orta Muğan kəndində 432 şagird yerlik tam orta məktəb üçün yeni bina tikilir.
2018-2019-cu tədris ilində rayonun tam orta məktəblərini 670 nəfər şagird bitirmişdir ki, onların da  340 nəfəri ali məktəblərə qəbul üçün sənədlərini təqdim etmiş və 200 nəfəri müvəffəq nəticə göstərərək ali məktəblərə qəbul olmuşlar. Məzunlardan 8 nəfəri 600-dən, 38 nəfəri isə 500-dən çox bal toplamışdır. Qıraqlı kənd tam orta məktəbinin məzunu Cəfərov Əbülfəz Elsevər oğlu 671 balla Bakı Ali Neft Məktəbinə, şəhər 1 nömrəli tam orta məktəbin məzunu Məmmədov Məhəmməd Rəsul oğlu 666 balla Azərbaycan Tibb Universitetinə və həmin məktəbin məzunu Əliyeva Nərgiz Rauf qızı 625 balla Bakı Dövlət Universitetinə qəbul olmuşlar.
Son illər əhalinin sağlamlığının qorunması istiqamətində ən mühüm addım kimi ölkə başçısının tapşırığına uyğun olaraq insanların könüllü qaydada tibbi müayinəyə cəlb edilməsidir. Rayonda ötən ilin ilk aylarından başlanan tədbir çərçivəsində 15 may 2019-cu il tarixədək 70569 nəfər tibbi müayinədən keçmişdir ki, onların  5333 nəfəri ambulator, 310 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 109 nəfər isə Bakı şəhərinin müxtəlif tibb ocaqlarına müayinə və müalicə üçün göndərilmişdir.
2019-ci ildə rayonun Bəylər kəndi ərazisində tibb məntəqəsi üçün yeni bina tikilərək istifadəyə verilmişdir.
Dövlət gənclər siyasətinə uyğun olaraq, gənclərin asudə vaxtlarının səmərəli və məzmunlu təşkili, sosial-siyasi fəallıqlarının artırılması, idmanın kütləviliyinin təmin olunması məqsədilə son illər respublikada olduğu kimi rayonumuzda da müasir Gənclər Mərkəzi, Şahmat məktəbi, 2013-cü ildən açılışı olmuş, lakin ştat vahidi olmadığından lazımı qaydada fəaliyyət göstərə bilməyən Olimpiya İdman Kompleksi ötən ildə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Gənclər və İdman Nazirliyinin balansına verilmiş, Nazirlik tərəfindən orada kəm-kəsir işlər başa çatdırılaraq 1000 nəfər tutumu olan müasir stadion tikilərək rayon gənclərinin və idmançıların istifadəsinə verilmişdir.
Hər il olduğu kimi 2019-cu ildə də tarixi günlər, əlamətdar hadisələr, gənclərimizin, idmançılarımızın siyasi, sosial fəallıqları ilə qeyd olunmuşdur. Gənclər və yeniyetmələr müxtəlif idman yarışlarında, intellektual oyunlarda, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin dərindən öyrənilməsinə həsr olunmuş tədbirlərdə fəal iştirak edirlər. Azərbaycan Prezidenti  cənab İlham Əliyevin yeniyetmə gənclər və şagirdlərin həyatında əlamətdar hadisə kimi yadda qalan mühüm təşəbbüslərindən və diqqət yetirdiyi məsələlərdən biri “Ölkəmizi tanıyaq” hərəkatıdır. Hesabat ilində rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayon Təhsil şöbəsi ilə birlikdə “Ölkəmizi tanıyaq” devizi altında yuxarı sinif şagirdlərindən 40 nəfər şagird və 5 nəfər müşayətçinin iştirakı ilə nümayəndə heyətimiz 15-18 mart 2019-cu il tarixlərdə Gəncə şəhəri, Şəmkir, Göygöl, Tovuz, Qazax və Ağstafa rayonlarında, 18-21 noyabr 2019-cu il tarixlərdə isə Lənkəran şəhəri, Masallı və Astara rayonlarında olmuş, bu yerlərin tarixi, zəngin mədəni irsi, sosial-iqtisadi inkişafı barədə ətraflı məlumatlar əldə etmiş, geniş bilgilərlə rayona qayıtmışlar.
2019-cu il ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq 20 yanvar faciəsi, Xocalı faciəsi, 31 Mart-Azərbaycanlıların soyqırımı günü ilə bağlı anım tədbirləri rayon ictimaiyyətinin bütün təbəqələrindən olan nümayəndələrin, əmək kollektivlərinin, iştirakı ilə qeyd olunmuşdur. Novruz bayramı əsl xalq şənliyi kimi qeyd edilməklə, digər dövlət bayramları, tarixi günlər, peşə bayramları ilə əlaqədar tədbirlər keçirilmişdir. İdeya-siyasi işlə bağlı rayonda təşkil olunan, həmçinin Heydər Əliyev Mərkəzində, Gənclər Mərkəzində qeyd edilən bütün tədbirlər yerli  “Dönüş”  qəzetində və respublikanın müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılmış, rayon ictimaiyyəti məlumatlandırılmışdır. 
Rayonumuzda “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikasının qanununun tətbiqi istiqamətində zəruri tədbirlər görülməklə rayon İcra Hakimiyyəti başçısı yanında Dini işlər üzrə komissiya dini durumla bağlı vəziyyəti daim nəzarətdə saxlayır, dini etiqad azadlığının təmin olunması, dindarlar arasında radikal, ekstremist meyillərin olmaması üçün lazımı tədbirlər görülür. Rayonda 56 məscid, o cümlədən 26 dini icma olmaqla dini durum sabitdir.
2019-cu ildə ictimai asayişin qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətlərin qarşısının alınması və bağlı cinayət işlərinin açılması sahəsində rayonun hüquq-mühafizə orqanları müəyyən tədbirlər həyata keçirmişlər.
Ötən ildə rayon ərazisində 150 cinayət hadisəsi qeydə alınmışdır ki, ondan 143 cinayət hadisəsinin istintaqı tamamlanmış, cinayətlərin 95,6 faizi açılmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə, onların əkinlərinin aparılmasına, saxlanılmasına qarşı mübarizə gücləndirilmişdir.
           Ölkə başçısının göstərişlərinə uyğun olaraq korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı, bir sözlə ölkədə bütün xoşagəlməz hallara qarşı məqsədyönlü tədbirlər davam etdirilmiş, hüquqpozma hallarının baş verməməsi üçün profilaktiki tədbirlər yerinə yetirilmişdir. 2019-ci il ərzində də ordu sıralarına çağırış və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı məsələlər nəzarətdə saxlanılmış, vətəndaşların həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrasını təmin etmək məqsədilə həqiqi hərbi xidmətə gedən çağırışçılar təntənəli şəkildə yola salınmışlar. 

Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Şuranın keçirdiyi 26  iclasda rayonun sosial-iqtisadi, mədəni-siyasi həyatı, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatı ilə bağlı 52 məsələyə baxılaraq müvafiq qərar qəbul edilmiş, verilmiş tapşırıq və tövsiyələrin icra vəziyyəti mütəmadi olaraq  nəzarətdə saxlanılmışdır. Son  illər  rayon İcra Hakimiyyəti başçısı aparatının müvafiq şöbə və struktur bölmələrinin məsul işçilərindən 5 nəfəri "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə, 1 nəfəri “Dövlət qulluğunun təşkili və idarə olunması” ixtisası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmiş, 2 nəfər isə hal-hazırda "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə qiyabi təhsil alır. İdarəçilik sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin daha çevik və effektli olması nəzərə alınaraq elektron poçta keçirilmiş, icra aparatının təminedici şöbələri müasir kompüter dəstləri ilə təchiz edilərək internet şəbəkəsinə qoşulmuşdur. Vətəndaş müraciətlərinin qeydiyyatı məqsədilə rayon İcra Hakimiyyətinin aidiyyəti şöbəsində “Vahid informasiya sistemi” tətbiq olunmuşdur ki, bütün müraciətlər bu sistem vasitəsilə qeydə alınır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Asan Xidmət” səyyar qrupunun rayonda göstərdiyi xidmətlər vətəndaşlar tərəfindən xüsusi razılıqla qarşılanmışdır.
2019-cu ilin ilk günlərindən etibarən rayon İcra Hakimiyyəti öz fəaliyyətində əhali ilə hər həftə keçirilən səyyar qəbullara, görüşlərə xüsusi fikir vermişdir. İl ərzində rayon icra Hakimiyyətinin başçısı tərəfindən yaşayış məntəqələrində keçirilmiş 48 səyyar qəbul-görüşlərdə 4831 nəfər iştirak etmiş, çıxış edənlər tərəfindən 334 təklif irəli sürülmüşdür. Qaldırılmış təklif və sorğulardan 47-i yerində həll olunmuş, 271 təklif və sorğuda irəli sürülən məsələlər nəzarət qaydasında aidiyyəti idarə, müəssisə və təşkilatlara göndərilərək yerinə yetirilməsinə müntəzəm nəzarət edilmiş, rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olmayan 16 məsələnin həllinə köməkliklə bağlı aidiyyəti mərkəzi icra orqanları qarşısında məsələlər qaldırılmışdır. 
Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi qrafikə uyğun olaraq 2019-cu ilin yekunları və qarşıda duran vəzifələr barədə 36 inzibati ərazi dairəsi və məcburi köçkünlərin məskunlaşdığı 1 qəsəbə üzrə nümayəndələrin hesabatları yanvar 2020-ci il tarixdə keçirilmiş, bu hesabatlarda rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri iştirak etmişlər. Keçirilmiş hesabat yığıncaqlarında 3481 nəfər vətəndaş iştirak etmiş, 233 nəfər çıxış edərək ümumiləşdirilmiş qaydada 185 mühüm təklif və sorğular irəli sürmüşlər.
Rayon İcra Hakimiyyətinə 2019-cu ildə  daxil  olmuş vətəndaş müraciətlərinə daha diqqətlə baxılması, şikayətlərin yaranma səbəblərinin təhlili və onların aradan qaldırılmasına xüsusi fikir verilmişdir.
         Dövlət orqanlarına və digər qurumlara müraciət etmiş vətəndaşlar aidiyyəti yerli təşkilatların  rəhbərlərinin iştirakı ilə  rayon İcra Hakimiyyətinin başçısı tərəfindən  qəbul olunaraq tələbləri dinlənilmiş, qaldırdıqları məsələlərin  hərtərəfli araşdırlıması ilə bağlı tapşırıqlar verilərək icrası nəzarətə götürülmüş, vətəndaşlara və müvafiq orqanlara  cavablar göndərilmişdir. İl ərzində rayon İcra Hakimiyyətinə 2198 müraciət daxil olmuş və vahid informasiya sisteminə qeydiyyata alınaraq icraya yönəldilmişdir. 2019-cu ildə rayon İcra Hakimiyyətinə daxil olan müraciətlər əvvəlki illə müqayisədə artmışdır.                      
Keçən ildə daxil olan müraciətlərin xarakterinə görə təhlili göstərir ki, vətəndaşlar əsasən mənzillə təmin olunmaq, fərdi ev tikilməsi və təmiri, sosial müdafiə məsələləri, işlə təminat, üzləşdikləri problemlərin həlli ilə bağlı birdəfəlik maddi yardım verilməsi, ünvanlı sosial yardım verilməsində olan çətinliklər, kənd təsərrüfatı məsələləri, xüsusi ilə təsərrüfat suyu ilə təminat, torpaq məsələləri, o cümlədən bələdiyyələrdən əlavə  torpaq sahəsi ayrılması və əkin sahələrinin zəbt olunması, rayon İcra Hakimiyyəti başçısı aparatının, nümayəndəliklərin və bələdiyyələrin fəaliyyəti ilə  bağlı olmuşdur.
          2019-cu il üzrə rayon İcra Hakimiyyətinə daxil olan şikayət məzmunlu müraciətlər əvvəlki illə müqayiəsdə artmışdır.
Hesabat ilində daxil olmuş müraciətlərin 230 ədədini təkrar, 135 ədədini kollektiv müraciətlər təşkil etmişdir ki, buda əvvəlki illə müqayisədə çoxdur. 
         Ötən ildə rayonun 13 yaşayış məntəqəsindən vətəndaşlar tərəfindən yalnız Prezident Administrasiaysına 591 müraciət daxil olmuşdur ki, bu da ümumi müraciətlərin 68,6 faizini təşkil edir. Saatlı şəhər, Potubəyli, Dədə Qorqud,  Məzrəli, Qıraqlı, Sarıcalar, Qara Nuru, Məmmədabad, Azadkənd, Mircəlal, Soltanabad, Mollavazlı və Dəlilər kəndləri üzrə vətəndaşlar tərəfindən Prezident Administrasiyasına daha çox müraciətlər daxil olmuşdur. Bu da bir daha onu göstərir ki, icra aparatının bəzi əməkdaşları, bir çox idarə və müəssisə rəhbərləri və icra nümayəndələri yerlərdə əhalini narahat edən və müraciətlər etməsinə səbəb yaradan halların aradan qaldırılması ilə bağlı təsirli tədbirlər görməmişlər. Yerlərdə vətəndaşlar qonşu və yol mübahisəsi, bələdiyyələrdən torpaq icarəyə alması və sair kimi məsələlərlə bağlı nümayəndəliyə deyil yuxarı orqanlara müraciətlər etməyə üstünlük verirlər ki, bu da icra nümayəndələrin və bələdiyyələrin yerlərdəki problemlərin həllinə laqeyd münasibətlərindən irəli gəlir.
             Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu məsələlərinə diqqət artırılmış, başçı və aparatın struktur bölmələrinin rəhbərlərinin qəbul qrafiki əmrlə təsdiq olunaraq əhalinin məlumatlandırılması üçün rayonun mətbuat orqanı olan “Dönüş“ qəzeti səhifələrində yanvar ayında bütövlükdə və  hər  ayda da  ayrı-ayrılıqda dərc edilmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatında ümumilikdə 3149 nəfər vətəndaş qəbul olunmuşdur ki, onun da 1946 nəfəri birbaşa rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul olunaraq dinlənilmiş və müraciətlərinə uyğun tədbirlər görülmüşdür. İl ərzində rayonun 98 nəfər vətəndaş etdiyi yazılı müraciətə əsasən qəbul  günlərindən əlavə olaraq rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişlər.
Rayon İcra Hakimiyyəti  il ərzində  vətəndaş müracitələri ilə bağlı məsələləri vaxtaşırı Şura iclasları, yığıncaq və müşavirələrdə müzakirə edərək müvafiq tədbirlər görmüşdür. 2019-cu ildə rayon İcra Hakimiyyətinə və 19 tabeli quruma daxil olan müraciətlərə baxılması ilə bağlı rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclaslarında 7 dəfə müzakirə edilərək bu sahədə mövcud nöqsanların aradan qaldırılmasına yönəldilən tədbirlər görülmüşdür. Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq Saatlı rayonunda əhalinin sıyahıya alınması 01-10 oktyabr 2019-cu il tarixlərində müvəffəqiyyətlə keçirilmişdir. Siyahıya alınma nəticəsində rayonun ümumi əhalisi 109107 nəfər olmuşdur ki, bu da 2009-cu ildə aparılmış siyahıya almanın nəticələrindən 15483 nəfər çoxdur.

Məlum olduğu kimi ötən ilin dekabr ayında respublikada növbəti bələdiyyə seçkiləri keçirilmişdir. Rayonda fəaliyyət göstərən 35 bələdiyyədə seçkilər baş tutmuş və özünüidarəetmə orqanlarının tərkibinə daha fəal şəxslər seçilmişlər.
2019-cu ildə Saatlı rayonunda həyata keçirilən tədbirlərin icra vəziyyəti və “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə nəzərdə tutulan işlərin yerinə yetirilməsi, eyni  zamanda qarşıda duran vəzifələr barədə sizə məlumat verdim. Diqqətinizə çatdırılan bu məsələlərin həlli hər birimizdən öz işimizə daha məsuliyyətlə yanaşmağı tələb edir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, hesabat məruzəsi ətrafında çıxış edən hər bir şəxs rayonun davamlı inkişafı naminə əməli təkliflər irəli sürəcək, həmçinin bu işlərə öz əmək kollektivlərinin nə kimi töhfələr verəcəyini diqqətə çatdıracaqdır.

Keçidlər